Zob xəstəliyi: Əlamətləri və yaranma səbəbləri

Zob, bəzi hallarda heç bir əlamət verməyə bilər. Lakin xəstələrin bir qismində boyunda şişkinlik, öskürək, udma çətinliyi görünür.
zob xesteliyi elametleri

Zob xəstəliyi, boyunun ön hissəsində yerləşən qalxanabənzər vəzin böyüməsi nəticəsində yaranan bir xəstəlikdir.

Zob xəstəliyi nədir?

Zob, qalxanabənzər vəzin böyüməsi nəticəsində yaranan bir narahatlıqdır. Zob ifadəsi tək başına istifadə edildikdə “sadə diffuz zob xəstəliyini” ifadə edir.

Sadə zob, düyün və ya tirotoksikoz olmadan qalxanabənzər vəzin homogen olaraq böyüməsi deməkdir. Lakin bəzən qeyri-simmetrik böyümə və ya düyün olan hallar da tək başına zob adlandırıla bilər.

Zob xəstəliyində qalxanabənzər vəzin ifraz etdiyi T3 (Triyodotironin) və T4 (Tiroksin) adlı hormonların ifrazı normaldır.

Qalxanabənzər vəzdə düyün olmur. Əsasən yod çatışmazlığından yaranan diffuz zob xəstəliyinin ilk illərdə yaratdığı tək fizioloji fərq, qalxanabənzər vəzin böyüməsidir.

Uşaqlıq və yeniyetməlik dövründə yaranan zob hallarında qalxanabənzər vəzdə geniş böyümə olur. Lakin zob müalicə edilmədikdə, qalxanabənzər vəzin böyüməsi davam edir və düyün əmələ gəlməyə başlayır.

Zob səbəbləri nələrdir?

Qalxanabənzər vəzin qeyri-normal böyüməsi ilə xarakterizə olunan zobun əsas səbəbi bədəndəki yod çatışmazlığıdır.

Qalxanabənzər vəz, qalxanabənzər hormonları istehsal etmək üçün yod istifadə edir. Qəbul edilən yod miqdarı, qalxanabənzər vəz tərəfindən ifraz edilən T3 və T4 hormon səviyyələrinə birbaşa təsir edə bilər.

Yod çatışmazlığında isə qalxanabənzər vəzin daha çox işləməsi lazım gəlir. Bu da qalxanabənzər vəzin böyüməsinə səbəb olur.

Yodla zəif qidalanan və ya dəniz suyundan uzaq bölgələrdə yaşayan insanlarda zob xəstəliyinin daha sıx görünməsinin səbəbi budur.

Zob xəstəliyinin ən çox rast gəlinən ikinci səbəbi isə Haşimoto xəstəliyidir. Haşimoto tiroiditi olaraq da bilinən bu xəstəliyin mövcudluğunda şəxsin immun sistemi, qalxanabənzər vəzi zədələyir.

Buna bağlı olaraq qalxanabənzər vəz, bədən üçün lazım olan miqdarı hormonu istehsal edə bilmir.

Buna görə beyində yerləşən hipofiz vəzi, daha çox TSH hormonu istehsal edərək qalxanabənzər vəzi stimullaşdırır. Nəticədə qalxanabənzər vəzdə böyümə və zob xəstəliyi yaranır.

Zoba səbəb olan digər bir xəstəlik də xalq arasında zəhərli zob kimi bilinən Qreyves xəstəliyidir.

İmmun sisteminin qalxanabənzər stimullaşdırıcı immunoqlobulin ifraz etməsinə səbəb olan bu xəstəlikdə qalxanabənzər hormon, həddindən artıq işləyərək bədənin ehtiyacından çox hormon istehsal edir.

Nəticədə zob və hipertiroid xəstəlikləri meydana gəlir.

Zob xəstəliyinin əlamətləri nələrdir?

Zob, bəzi hallarda heç bir əlamət verməyə bilər. Lakin xəstələrin bir qismində,

  • Boyunda şişkinlik,
  • Öskürək,
  • Udma çətinliyi,
  • Nəfəs almada çətinlik,
  • Boğazda düyün hissi,
  • Səs batması kimi əlamətlər görünə bilər.

Zob varlığında qalxanabənzər vəz əksərən daha çox işləyir. Bu da şəxsdə baş ağrısı, baş gicəllənməsi, ürəkbulanma, qusma, ishal, titrəmə və əsəbilik kimi əlamətlərin görünməsinə səbəb ola bilər.

Zob üçün risk faktorları nələrdir? Zob kimdə görünür?

Zob; 50 yaşdan yuxarı şəxslərdə, qadınlarda, immun sistem problemləri olanlarda, hamiləlik və menopauza dövrlərində və bəzi coğrafiyalarda yaşayan şəxslərdə daha sıx görünür.

Zob üçün əsas risk faktorları bu şəkildə sıralana bilər:

Yod çatışmazlığı: Dənizdən uzaq bölgələrdə yaşamaq və qida yolu ilə kifayət qədər yod istehlak etməmək, yod çatışmazlığına səbəb ola bilər. Qalxanabənzər hormonun istehsalında istifadə olunan yodun az olması, qalxanabənzər vəzin daha çox işləməsinə səbəb olur.

Yaş: Zob hər yaş qrupunda görünsə də, xəstəliyə 40 yaşdan yuxarı şəxslərdə daha sıx rast gəlinir.

Cinsiyyət: Zob, kişilərə nisbətən qadınlarda 4-5 dəfə daha çox görünür.

Hamiləlik və menopauza: Hamiləlik və menopauza dövrü, zob xəstəliyinin daha sıx rast gəlindiyi dövrlərdir.

Dərman istifadəsi: Ürək dərmanları və psixiatrik dərmanların şəxsdə zob inkişafını sürətləndirdiyi düşünülsə də, bu cür dərmanların həkim məsləhəti olmadan heç bir halda buraxılmaması lazımdır.

Genetik meyllilik: Ailəsində zob keçmişi olan şəxslərdə zob daha sıx görünür.

Hamiləlikdə zob niyə görünür?

Hamiləlik dövründə zob yaranma sıxlığı artdığı kimi, hamilə qalmadan əvvəl zobu olan qadınlarda zobun böyüdüyü müşahidə edilir.

Yod çatışmazlığı olan qadınlarda bu hal daha sıx yaranır. Hamiləlikdə yod itkisinin artması və körpənin yod istifadəsi səbəbindən yod ehtiyacı artır.

Bu səbəbdən hamiləlik dövründə yod qəbulu artırılmalı və zob varsa, uyğun müalicə aparılmalıdır.

Zob diaqnozu necə qoyulur?

Boyunun ön bölgəsində yerləşən qalxanabənzər vəzin müxtəlif səbəblərə bağlı olaraq böyüməsi ilə yaranan zob, rutin sağlamlıq yoxlamaları zamanı və ya xəstəliyin əlamət verməsi ilə fərq edilir.

Şəxsin həkimə müraciət etməsi üzərinə həkim, əvvəlcə xəstənin tarixçəsini dinləyir və fiziki müayinəsini aparır.

Qalxanabənzər hormon səviyyələrinin ölçülməsi üçün laboratoriya testləri aparılır.

Həmçinin ultrasəs müayinəsi ilə qalxanabənzər vəz ətraflı şəkildə incələnir. Həkim, lazım gəldikdə əlavə olaraq sintiqrafiya və biopsiya aparılmasını istəyə bilər.

Əldə edilən məlumatlar işığında şəxsə zob diaqnozu qoyulur.

Zob müalicə üsulları nələrdir?

Zob müalicəsi, xəstəliyin mövcud vəziyyətinə, ölçüsünə və əlamətlərinə bağlı olaraq müxtəlif şəkillərdə tətbiq edilir.

Əgər zob kiçikdirsə və əlamətlər xəstəni narahat etmirsə, həkim xəstəliyin yalnız müşahidə edilməsini istəyə bilər.

Bu halda həkimin müəyyən etdiyi fasilələrlə nəzarətə getmək tövsiyə olunur. Zob, qalxanabənzər vəzin həddindən artıq işləməsinə səbəb olursa, başqa sözlə desək şəxsdə hipertiroid varsa, dərman müalicəsi tətbiq edilir.

Əlamətlərin şiddətli olduğu hallarda qalxanabənzər vəzin bir hissəsinin və ya tamamının cərrahi əməliyyatla çıxarılması lazım ola bilər. Zob əməliyyatından sonra müalicə dərmanla dəstəklənir.

Zob əməliyyatı kimlərə, nə zaman edilir?

Bəzi hallarda zob müalicəsi üçün əməliyyatla qalxanabənzər vəzin çıxarılması lazım gəlir.

Qalxanabənzər vəz həddindən artıq böyümüş və larinks (səs tellərinin olduğu bölgə) kimi boyun içi strukturlara təzyiq etməyə başlamışsa,

Dərman müalicəsinə cavab verməyən xəstələrdə,

Qalxanabənzər vəz içində yaranan düyünlərin diametri 2 sm-i keçmişsə, Qalxanabənzər vəz düyünləri kiçik olsa belə xərçəng riski varsa,

Kosmetik səbəblər və təhlükəli böyümə hallarında əməliyyat lazım gəlir.

Zob əməliyyatı ümumi anesteziya altında boyundan girərək aparılan cərrahi müdaxilədir. Qalxanabənzər vəzin bir hissəsi və ya tamamı çıxarılır. Əməliyyatda mühüm nöqtələr:

Qalxanabənzər vəz damarlarının diqqətlə bağlanması (əməliyyatdan sonra qanaxma riski səbəbiylə), Qalxanabənzər vəz ətrafındakı paratireoid vəzlərin çıxarılmaması (kalsium metabolizmini tənzimləyirlər), Səs tellərinin qorunmasıdır (səs batmasına səbəb ola bilər).

Zob əməliyyatından sonra xəstə sürətlə sağalır və gündəlik funksiyalarını qısa müddətdə özü edə bilir. Qalxanabənzər vəz çıxarıldığı üçün bədən metabolizması üçün lazım olan qalxanabənzər hormonları ömür boyu istifadə etməsi lazımdır.

Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.

Previous Article

Qan azlığı: 10 əsas əlaməti

Next Article

Katarakta xəstəliyi

Write a Comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Yeniliklərdən xəbərdar olun!

Ən son yazılardan xəbərdar olmaq üçün e-mail ünvanınızı qeyd etməniz yetərlidir.