Katarakta xəstəliyi, göz büllurunun və ya onu əhatə edən şəffaf qişanın işığın keçməsinə mane olacaq şəkildə bulanıqlaşmasıdır.
Müalicə olunmadıqda, katarakta korluğa səbəb ola bilər və bulanıq, dumanlı və ya ikili görmə, işığa həssaslıq və gecə görmədə çətinlik kimi simptomlarla xarakterizə olunur.
Adətən yaşlanma ilə əlaqəli yaranan katarakta, eyni zamanda gözün üzərinə pərdə enməsi kimi də təsvir edilir. Kataraktın yeganə həlli cərrahi əməliyyatdır.
Katarakta nədir?
Katarakt – tək göz və ya hər iki gözdə yaranan, göz büllurunun içində, üzərində və ya kapsul hissəsində bulanıqlıq ilə xarakterizə olunan bir göz xəstəliyidir.
İrəliləyən bir xəstəlik olan katarakt anadangəlmə və ya sonradan qazanılmış iki formada ola bilər.
Anadangəlmə katarakta “konjenital katarakt”, sonradan yaranan katarakta isə “senil katarakt” deyilir.
Kataraktanın yaranmasına bir neçə amilin və mexanizmin təsir etdiyi düşünülür, lakin bu mexanizmlər tam olaraq müəyyənləşdirilməmişdir.
Göz yaxın məsafələri görə bilmək üçün “akomodasiya” adlanan uyğunlaşma prosesini yerinə yetirir.
Yaş artdıqca akomodasiya gücünün azaldığı və bunun nəticəsində büllurun qalınlaşdığı güman edilir.
Kataraktın əlamətləri kələrdir?
Kataraktın dərəcəsinə görə insanlarda görülən simptomlar dəyişə bilər.
Görmə qabiliyyətini ciddi şəkildə azaldan kataraktın əsas əlamətləri bunlardır:
- Həm uzağı, həm də yaxını görməkdə çətinlik
- İşığa qarşı həssaslıq
- Açıq hava və günəşli günlərdə görmənin zəifləməsi
- Rəngləri ayırd etməkdə çətinlik, rənglərin solğunlaşması
- Bulanıq görmə
- Göz yorğunluğu, göz və baş ağrısı
- Eynək nömrəsinin tez-tez dəyişməsi
- Qaranlıq mühitlərdə görmə səviyyəsinin azalması
- Görmədə dərinlik və ölçü hissinin itməsi
- Maşın sürərkən çətinlik çəkmə
- Kitab oxuyarkən güclü işıq mənbəyinə ehtiyac duyma
- İkili görmə
Katarakta xəstəliyinin səbəbləri
Kataraktın əmələ gəlmə mexanizmləri tam olaraq müəyyən edilməsə də, bəzi risk faktorlarının təsirli ola biləcəyi düşünülür.
Bu risk faktorları aşağıdakılardır:
- Yaş: Yaş artdıqca kataraktanın yaranma ehtimalı artır.
- Cinsiyyət: Katarakta qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Bunun menopozdan sonra azalan estrogen səviyyəsi ilə əlaqəli olduğu güman edilir.
- Şəkərli diabet: Uzun illər diabetdən əziyyət çəkən insanlarda katarakt daha çox görülür.
- Vitamin çatışmazlığı: A, C, E vitaminlərinin və mineralların (sink, mis, selen) çatışmazlığı kataraktanın inkişafına təsir edə bilər.
- Genetik meyillilik: Ailədə katarakta xəstəliyinin olması risk faktorudur.
- Dərmanlar: Steroid qrupuna aid bəzi dərmanlar kataraktın yaranmasına səbəb ola bilər.
- Radiasiyaya məruz qalma: UV şüaları və radiasiya kataraktın inkişafına təsir edə bilər.
Kataraktanın qarşısını necə almaq olar?
Kataraktanın tam qarşısını almaq mümkün olmasa da, bəzi tədbirlərlə riski azaltmaq olar:
- Günəş şüalarından qorunmaq üçün eynək və ya papaq taxmaq
- Dəniz məhsulları və yaşıl tərəvəzlərlə zəngin qidalanmaq
- Kortizon kimi immuniteti basdıran dərmanları həkim tövsiyəsi olmadan istifadə etməmək
- Göz travmalarından qorunmaq
Katarakta necə müalicə olunur?
Kataraktın dərman və ya qidalanma yolu ilə müalicəsi mümkün deyil. Yeganə həll yolu cərrahi əməliyyatdır.
Hansı cərrahi üsulun tətbiq ediləcəyi xəstənin fiziki və psixoloji vəziyyətinə, eləcə də kataraktanın irəliləmə səviyyəsinə görə müəyyən edilir.
Katarakta əməliyyatı
Katarakta əməliyyatı dünya üzrə ən çox icra edilən göz cərrahiyyələrindən biridir.
Əməliyyatdan əvvəl lokal və ya ümumi anesteziya tətbiq edilir. Yetkinlərdə əsasən lokal anesteziya, uşaqlarda isə ümumi anesteziya istifadə olunur.
Əməliyyat zamanı göz bülluru çıxarılır və yerinə sağlam göz daxili linza yerləşdirilir. Əməliyyatdan sonra göz infeksiyalardan qorunmaq üçün sarğı ilə bağlanır.
Gözə təzyiq göstərməkdən və ovuqlamaqdan çəkinmək lazımdır. Həkim göstərişi olmadan dərman qəbul edilməməli və gözə fiziki müdaxilə edilməməlidir.
Katarakta əməliyyatından sonra bir daha katarakta inkişaf etmir, lakin bəzən linzanın yerləşdiyi zarın qalınlaşması müşahidə oluna bilər.
Bu, “ikincili katarakt” adlandırılsa da, əsl katarakta sayılmır və lazer müalicəsi ilə həll edilə bilər.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.