Tibb dilində hematuriya adlandırılan sidikdən qan gəlməsi tez-tez rast gəlinən sağlamlıq problemlərindən biridir.
Sidikdə qan, sidik yolları orqanları adlandırılan sidik sisteminin hər hansı bir hissəsindən qaynaqlanır.
Sidik yolu orqanları; böyrəklər, sidik axarları (böyrəklər ilə sidik kisəsi arasındakı borular), sidik kisəsi və uretradan (sidik kisəsini bədən xaricinə bağlayan kanal) ibarətdir.
Sidikdə qan gəlməsi 2 şəkildə qiymətləndirilir
Sidikdə gözlə görünən qanaxma (makroskopik hematuriya): Sidiyi qırmızıya boyayan gözlə görünən qanaxmadır və makroskopik hematuriya adlandırılır.
Sidikdə gözlə görünməyən qanaxma (mikroskopik hematuriya): Sidikdəki qan nisbəti bəzən gözlə fərq edilə bilməyəcək qədər az ola bilər. Mikroskopik hematuriya və ya dipstik müsbət hematuriya deyilən bu vəziyyətdə sidikdə qan, xüsusi testlərlə aşkar edilir.
Sidikdə qan görülməsi aşağıda sadaladığımız sağlamlıq problemlərinin əlaməti ola bilər, bunun üçün lazımi tibbi tədbirlər görülməli və müalicə edilməlidir.
Sidikdə qan gəlməsi səbəbləri
1. Sidik yolu infeksiyası
Sistit olaraq da bilinən bu infeksiya kişilərdə də görülsə də, adətən gənc qadınlarda görünən bir narahatlıqdır.
Sistit əlamətləri və səbəb olduğu şikayətlər
- Qanlı sidik
- Sidik edərkən yanma hissi
- Tez-tez sidik etmək istəyi
- Alt qarın ağrısı
Çox vaxt yüngül keçir və bir neçə gündə özü-özünə keçə bilər.
Yuxarıdakı şikayətlərə qızdırma və ciddi yan ağrısı əlavə olunarsa, piyelonefrit adı verilən daha mürəkkəb bir infeksiyaya çevrilə bilər və bəzi hallarda xəstəxanada müalicə tələb edir.
Sistit vəziyyətində çoxlu miqdarda su içmək vacibdir.
2. Uretrit
Sidik kisəsini bədən xaricinə bağlayan kanal olan uretranın infeksiyası vəziyyətinə uretrit deyilir. Adətən cinsi yolla keçən bir infeksiya səbəbiylə yaranır və antibiotiklərlə müalicə edilə bilər.
3. Ağır məşqlər
Səbəbləri dəqiq olaraq bilinməsə də; yorucu bir məşq edildikdə bədən zorlanmış ola bilər, sidik kisəsində travma, dehidrasiya (bədənin susuz qalması) və ya qırmızı qan hüceyrələrinin parçalanması nəticəsində sidikdə qan görünə bilər.
Bu vəziyyətə ən həssas olan idmançı qrupu uzun məsafə qaçıcıları olsa da, digər idmançılarda da bəzən görünə bilər.
4. Sidik kisəsi və ya böyrək daşı
Böyrək daşı və ya sidik kisəsi daşı olduqca şiddətli ağrılara səbəb olan və tez-tez rast gəlinən bir narahatlıqdır.
Böyrək daşı, böyrək və sidik kisəsi arasında sidik daşıyan və diametri təxminən 5 mm olan kanallar olan sidik axarlarına ilişərsə, renal kolik adlandırılan şiddətli daş ağrısına səbəb olur və sidikdə qanaxma görünə bilər.
Kiçik daşlar çoxlu su içərək atıla bilər. Daha böyük daşlar isə daş qırma və ya əməliyyat tələb edə bilər.
Böyrək travmaları
Qəza və ya yaralanmalara bağlı sidik yollarında qanaxma ola bilər. Bunların çoxu zamanla keçə bilər və ya cərrahi əməliyyat ilə qanaxma dayandırıla bilər.
Qlomerulonefrit
Nefrit adlandırılan böyrəklərin qanı süzən hissəsinin iltihabı sidikdə qanaxma səbəblərindən biridir. Uşaqlarda və gənclərdə daha tez-tez görünür.
Müalicəsi, nefritin yaranma şəklinə (məsələn, infeksiya, istifadə edilən müəyyən dərmanlar kimi) görə dəyişir.
Xoşxassəli (bening) prostat vəzi böyüməsi
Yaşlı kişilərdə tez-tez görünən prostat vəzinin böyüməsi sidik kisəsinə təzyiq etməsi vəziyyətidir. Bening prostat hiperplaziyası (BPH) adlandırılan bu vəziyyət sidikdə qan görülməsi ilə yanaşı, sidik etmədə çətinlik və tez-tez sidik etmək şikayətlərinə də səbəb olur.
Bu narahatlığı olan kişilərin alkoqol və kafein tərkibli məhsulların istehlakına diqqət etmələri lazımdır.
Sidik yollarını tutan xərçənglər
Kişilərdə sidikdə qana rast gəlmək prostat xərçənginin; qadın və kişilərdə isə sidik kisəsi və ya böyrək xərçənginin bir işarəsi ola bilər. Erkən diaqnoz və təşxis bu xəstəliklərin müalicəsində həyati əhəmiyyət daşıyır.
Sidik kisəsi xərçənglərinin 80%-ində sidikdə gözlə görünən ağrısız qan, bir xərçəng əlaməti olaraq qarşımıza çıxır.
İrsi xəstəliklər
Sidikdə görünən qan irsi bəzi xəstəliklərin işarəsi ola bilər. Bunlar arasında Polikistik böyrək xəstəliyi, hemofiliya, oraq hüceyrə anemiyası və bəzi qan laxtalanma pozğunluqları mövcuddur.
Ailəvi xoşxassəli hipokalsiürik hiperkalsemiya isə yalnız çubuqla aparılan sidik testində ortaya çıxan daha zərərsiz bir irsi xəstəlikdir.
Pəhriz və ya dərman
Bəzi qidalar məsələn; çuğundur yemək sidik rəngini çəhrayı-qırmızımtıl edə bilər. Bu tamamilə zərərsiz bir vəziyyətdir.
Digər tərəfdən rifampisin və nitrofurantoin kimi antibiotiklər və ya işlətmə dərmanları, sidikdə qanaxmaya səbəb olmadan sidiyi qırmızımtıl-qəhvəyimtil bir rəngə çevirə bilər.
Əgər istifadə edilən başqa dərmanların yan təsiri olaraq qanaxma görünürsə, həkimə müraciət edilməlidir.
Nəticə olaraq
Sidiyinizdə ağrısız və ya ağrılı qan görürsünüzsə, təkrarlanan və ya davamlı sidik yolu infeksiyası yaşayırsınızsa, sidik edərkən yanma-ağrı kimi şikayətləriniz varsa, bir həkimə görünməyinizdə və lazımi testləri etdirməyinizdə fayda var.
Bu məlumat yalnız maarifləndirmə məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyildir. Hər hansı sağlamlıq problemləri üçün həmişə həkim mütəxəssis ilə məsləhətləşin.